İDMAN
“Şuşa İli” çərçivəsində tələbələr arasında stolüstü tennis üzrə açıq turnir keçirilib
Bakı, 16 iyul, AZƏRTAC
Nərimanov rayonunda “Şuşa İli” çərçivəsində ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında stolüstü tennis üzrə açıq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, Tennis İdman Kompleksində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Bakı Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən yarışda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Dövlət Universitetinin Gənclər siyasəti və humanitar məsələlər şöbəsinin müdiri Ramin Səmədov, Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov, turnirin hakimi, 258 nömrəli tam orta məktəbin baş bədən tərbiyəsi müəllimi Əli Kərimov, bir sıra ali təhsil müəssisələrinin (Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Kooperasiya Universiteti) tələbələri iştirak ediblər.
Turnirin yekun nəticələrinə uyğun olaraq qızlar arasında Azərbaycan Dillər Universitetinin tələbəsi Ruhiyə Rəhimova qalib adını qazanıb. Bakı Dövlət Universitetinin tələbəsi Sevinc Həsənova ikinci, Bakı Avrasiya Universitetinin tələbəsi Aynurə Abdullazadə isə üçüncü yeri tutub. Oğlanlar arasında isə ilk üçlükdə Bakı Avrasiya Universitetinin tələbəsi Ejire Folakunmi Oluvaseun, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi Yunis İmanlı və Bakı Dövlət Universitetinin tələbəsi Abbas Quluzadə qərarlaşıblar.
Sonda qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və kubokla, digər iştirakçılar isə sertifikatlarla təltif olunublar.