“Şuşa İli” ilə bağlı tədbir tərtərlilər tərəfindən maraqla qarşılanıb
Tərtər, 24 avqust, AZƏRTAC
Tərtər şəhərindəki Heydər Əliyev adına parkda "Şuşa ili" ilə bağlı tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Bərdə Regional Mədəniyyət İdarəsinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül-çiçək dəstələri düzüblər. Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda davam edən tədbirdə iştirakçılar mədəniyyət işçilərinin canlandırdığı Vaqif və Xurşidbanu Natəvanın obrazlarını izləyib, kənd mədəniyyət müəssisələrinin özfəaliyyət dərnəkləri tərəfindən “Şuşa ili” ilə bağlı hazırlanmış əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən qazilərimiz çıxış edərək Şuşanın tarixindən, Azərbaycan üçün əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətdən və qazanılan Qələbədən söz açıblar.
Tədbir Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyi tərəfindən hazırlanmış konsert proqramı və rayon uşaq bağçalarının balaca fidanlarının çıxışları ilə davam edib. “Şuşa ili” ilə bağlı tədbir tərtərlilər tərəfindən maraqla qarşılanıb.
Sonda VIII Televiziya Muğam müsabiqəsində iştirak edərək II yerə layiq görülmüş Tərtər rayon uşaq musiqi məktəbinin məzunu Ülkər Abdullayevaya Tərtər Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyə təqdim olunub.