Şuşa konfransında səsləndirilən fikirlər Azərbaycanın mühüm regional aktora çevrildiyini təsdiqlədi
Bakı, 5 may, AZƏRTAC
Mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevin çıxışı zamanı söylədiyi fikirlər həm ölkə daxilində, həm də xaricdə diqqət mərkəzindədir. Əlbəttə ki, söylənilən fikirlər, əslində, dövlətimiz üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, regional və qlobal baxımdan da müstəsna əhəmiyyət daşıyan, hər kəsin diqqətlə izlədiyi məsələlərlə bağlı idi. Xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev dərin biliyə malik siyasi xadim kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.
O bildirib ki, regionda Azərbaycan-Ermənistan münaqişəsi, sülh danışıqlarının gedişatı, bununla bağlı hazırkı vəziyyət və proseslərlə bağlı fikirlər, xüsusilə son günlər tərəflər arasında görüşlərin intensivləşməsi mövzunu daha da aktuallaşdırır. Gözlənildiyi və həmişə olduğu kimi, Prezident İlham Əliyevin mövzu ilə bağlı fikirləri bir daha sübut edir ki, Azərbaycan 2020-ci ildən bəri öz mövqeyində haqlı olaraq israrlıdır, davamlı sülhün təşəbbüskarı və ardıcıl tərəfdarı olmaqla yanaşı, öz mövqeyindən bir addım belə geri çəkilən, milli maraqları, dövlət maraqlarını güzəştə gedən deyil. Dövlətimizin başçısı razılaşmanın əldə olunmamasının, prosesin müxtəlif bəhanələrlə ləngidilməsinin təqsirkarının Ermənistan tərəfinin olduğunu aydın nümayiş etdirməklə bərabər, işğalçı ölkənin bu vəziyyətdən irəli gələ biləcək bütün problemlərə, həmçinin regional inkişaf proseslərindən təcrid olunmasına görə də məsuliyyət daşıyacağını diqqətə çatdırdı.
“Prezident İlham Əliyev çıxışında Avropanın enerji təhlükəsizliyi ilə bağlı ölkəmizin mövqeyini bir daha açıqladı, bədxahların bununla bağlı tirajlamağa çalışdıqları bütün şübhələri tamamilə alt-üst etdi. Beləliklə, qərbli dostlarımızın Azərbaycanla bağlı istifadə etdikləri “ümumavropa qaz təchizatçısı” ifadəsi də öz təsdiqini tapmış olacaq. Ümumiyyətlə, konfransda səsləndirilən fikirlər, göstərilən münasibətlər bir daha təsdiq edir ki, Azərbaycan həm regionda təhlükəsizliyin və sülhün təminatçısı kimi, həm də Avropanın enerji təhlükəsizliyi ilə bağlı əhəmiyyətli qarantlardan biri, “Bir kəmər, bir yol” təşəbbüsünün həlledici tərəfdaşı kimi mühüm regional aktora çevrilib”, - deyə QHT sədri diqqətə çatdırıb.