REGİONLAR
Şuşa Qarabağın tacı, milli mədəniyyətimizin beşiyidir
Füzuli, 11 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Şuşa şəhərinin 270 illik yubileyi və “Şuşa İli” münasibətilə Füzuli rayonunda silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir Füzuli Rayon İcra Hakimiyyətinin və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
“Şuşa Qarabağın tacı, milli mədəniyyətimizin beşiyidir” adlı tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, Heydər Əliyev Mərkəzinin və rayon ərazisində fəaliyyət göstərən digər mədəniyyət müəssisələrinin nümayəndələri, məktəblilər, gənclər və Vətən müharibəsi qaziləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə məktəblilərin və həvəskar rəssamların Şuşaya həsr edilən əl işlərindən ibarət sərgi nümayiş olunub.
Sonra Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşı Qabil Əliyev 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun Zəfər salnaməsindən söz açıb. Bu salnamənin ən şanlı səhifələrindən biri olaraq, Şuşa şəhərinin işğaldan azad edildiyi günün - noyabrın 8-nin tariximizə və təqvimimizə Zəfər Günü olaraq yazıldığını vurğulayan natiq, Şuşa şəhərinin həm də mədəni əhəmiyyətindən söz açıb. O, 2022-ci ilin Prezident İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsini mədəniyyətimizə, tariximizə olan dövlət qayğısının daha bir nümunəsi olduğunu diqqətə çatdırıb.
Heydər Əliyev Mərkəzinin direktor əvəzi Şahanə Kərimova çıxış edərək Şuşa şəhərinin tarixindən, mədəni dəyərlərindən danışıb. Şuşanın tədbirlər, festivallar, qonaqlar dolu günlərinin yenidən qayıtmasının xalqımız tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandığını söyləyən Ş.Kərimova bütün bunların böyük Zəfərin təntənəli nəticələri olduğunu bildirib.
Tədbir Füzuli rayon Mədəniyyət İdarəsi Uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri ilə davam edib.