Şuşa şəhərinin xalqımızın qəlbində özünəməxsus yeri və dəyəri var
Qəbələ, 2 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Şuşa, sən azadsan!” adlı tədbir keçirilib. “Şuşa İli” çərçivəsində reallaşan tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qəbələ Rayon Bölməsinin əməkdaşları, İncəsənət məktəbinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, Mərkəzin könüllüləri və qurumun qeydiyyatında olan uşaqlar iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzindən məlumat verilib.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açıblar. Vurğulanıb ki, zəngin inkişaf yolu keçmiş Şuşa şəhəri bütün dövrlərdə Azərbaycanın, eləcə də Cənubi Qafqazın ictimai-siyasi və mədəni həyatında müstəsna rol oynayıb. Bu qədim şəhərin Azərbaycan xalqının qəlbində özünəməxsus yeri və dəyəri var.
Sonda şeirlərdən ibarət kompozisiya səsləndirilib, muğam ifa olunub, Şuşa şəhərinə həsr edilən videoçarxlar nümayiş etdirilib.