MƏDƏNİYYƏT
Şuşada “Türk dilləri və ədəbiyyatları: Diferensiasiya və inteqrasiya” adlı panel sessiya təşkil olunub
Şuşa, 13 oktyabr, Gülay Nəzərova, AZƏRTAC
Oktyabrın 13-də Şuşada I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində “Türk dilləri və ədəbiyyatları: Diferensiasiya və inteqrasiya” adlı panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun moderatorluğu ilə keçən panel iclasda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan dilinin dövlət dili kimi yad təsirlərdən qorunması və inkişafından danışıb, Türk dünyası dövlətləri arasında ortaq ədəbi dilin yaradılmasının vacibliyini bildirib.
Sessiyada Qazaxıstanın Al-Farabi Universitetinin rektoru Zhanseit Tuimebayev, türkiyəli alim Mustafa İsen, Qırğızıstan Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru Abduldazhan Akmataliev, Ege Universiteti Ədəbiyyat fakültəsinin professoru Yavuz Akpınar, professor, filologiya elmləri doktoru Boboxon Şaripov, Avrasiya Yazıçılar Birliyinin sədri Yakub Ömeroğlu çıxış ediblər.
Diqqətə çatdırılıb ki, ortaq ünsiyyət dili bütün türk xalqları üçün anlaşılan vahid dil vasitəsinin tətbiqi yolu ilə təmin edilə bilər. Türk xalqları arasında ortaq ünsiyyət dilinin formalaşdırılması günümüzdə çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan türk xalqları arasında ümumi ünsiyyət dilinin formalaşdırılması zəruri məsələdir. Bunun üçün isə ortaq əlifba və dərsliklərin hazırlanıb nəşr edilməsi qarşıda duran vacib vəzifələrdəndir.
Vurğulanıb ki, saf, təmiz türkcə olaraq baxıldıqda, Azərbaycan dili, qazax türkcəsi və digər türkcələr istər söz ehtiyatının zənginliyi, istərsə də qrammatik quruluşu baxımından ortaq dil olma potensialına sahibdirlər.
Panel müzakirələrlə davam edib.