Şuşalı tibb bacısı: 30 ildən sonra ən böyük arzuma çatmışam VİDEO
Şuşa, 18 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Şuşada da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra edilir, şəhərə həyat yenidən qayıdır. Bu gün Şuşada müxtəlif sahələrdə çalışan insanların arasında şuşalılar da az deyil. Ali Baş Komandanın qətiyyəti və ordumuzun qüdrəti sayəsində uzun illərin həsrətindən sonra doğma şəhərlərinə qovuşmuş bu insanların sevincinin həddi-hüdudu yoxdur.
Şuşa şəhər sakini Nəcibə İsmayılova da 30 ilə yaxın idi doğulub boya-başa çatdığı şəhərinin, ata ocağının həsrəti ilə yaşayırdı. Artıq bu həsrət bitib. O, indi baş tibb bacısı kimi Şuşa şəhərindəki modul tipli xəstəxanada çalışır. Nəcibə İsmayılova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində uzun illərdən sonra doğulub böyüdüyü şəhərinə qayıtdığı, burada işlədiyi üçün özünü xoşbəxt hesab etdiyini deyib: “Şuşa şəhərində anadan olmuşam. Şuşa şəhər 4 nömrəli orta məktəbi bitirdikdən sonra Ağdamda texnikumda təhsil alıb, doğma şəhərimdə işləməyə başlamışam. Burada keçən uşaqlıq, gənclik illərimi heç vaxt unuda bilmərəm. Həmişə arzu edirdim ki, kaş quş olaydım, uçub Şuşanı, Cıdır düzünü seyr edib qayıdardım. Bu gün 30 ildən sonra ən böyük arzuma çatmışam. Xəyallarım yerinə yetib. Ona görə də şuşalı kimi özümü ən xoşbəxt adamlardan biri hesab edirəm”.
Nəcibə İsmayılova Şuşada tibb bacısı kimi fəaliyyətə başlamasından da danışıb: “Mənə işdən zəng edib dedilər ki, Şuşaya işləməyə gedirsən? Mən inanmadım, həqiqətən də 30 ildən sonra Şuşaya qayıda bilərəmmi? Biz indi Şuşadayıq. Burada yaşayır, işləyirəm. Şuşada çalışan həmvətənlərimizə tibb sahəsində xidmət edirəm. Çox sevinirəm ki, 30 ildən sonra Şuşa şəhərindəyəm. Bu sevinci, bu xoşbəxtliyi bizə bəxş etdiyinə görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.