Tacikistan su məsələləri üzrə Düşənbə çərçivə proqramını hazırlamağı təklif edir
Düşənbə, 26 may, AZƏRTAC
Tacikistan su ehtiyatları ilə bağlı qlobal səyləri əlaqələndirmək üçün su üzrə Düşənbə çərçivə proqramının hazırlanmasını təklif edir.
AZƏRTAC xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon bu təklifi Düşənbədə keçirilən “Davamlı inkişaf üçün su - 2018-2028” Beynəlxalq Fəaliyyət Onilliyi üzrə Dördüncü Yüksək Səviyyəli Beynəlxalq Konfransın açılışında irəli sürüb.
Prezidentin sözlərinə görə, içməli suya qlobal tələbat 2050-ci ilə qədər azı 25 faiz artacaq və bu, 50 faiz daha çox ərzaq istehsalını tələb edir. Hazırda hər il təxminən 4 milyard insan ciddi su çatışmazlığı ilə üzləşir.
“Bu rəqəmlər sadəcə proqnoz deyil, hər birimiz üçün ciddi xəbərdarlıq və hərəkətə çağırışdır”, - deyə Rəhmon bildirib.
Prezident, həmçinin su sektorunda regional əməkdaşlığı gücləndirmək üçün Aral dənizinin xilas edilməsi üçün beynəlxalq fond çərçivəsində Mərkəzi Asiyanın Dövlətlərarası Enerji Komissiyasının yaradılmasını təklif edib.
Rəhmon beynəlxalq əməkdaşlığa və qlobal su problemlərinin effektiv həll yollarının təşviqinə görkəmli töhfələri qiymətləndirmək üçün Tacikistanın su ehtiyatları sahəsində Beynəlxalq Prezident Mükafatının təsis olunduğunu elan edib.
Tacikistan 2040-cı ilə qədər əhalinin 90 faizinin mərkəzləşdirilmiş su təchizatına çıxışını təmin etmək, suya qənaət edən texnologiyaların tətbiqini 40 dəfədən çox artırmaq və su idarəçiliyinin rəqəmsallaşdırılması səviyyəsini 80 faizə çatdırmaq məqsədini qarşısına qoyub.
“Gəlin, bugünkü konfransın imkanlarından su problemlərinin həllində dönüş nöqtəsi kimi istifadə edək”, - deyə Prezident vurğulayıb.
Rəhmonun sözlərinə görə, Düşənbə şəhəri 2028-ci ildə “Davamlı inkişaf üçün su - 2018-2028” Beynəlxalq Fəaliyyət Onilliyinin nəticələrini ümumiləşdirəcək BMT-nin Su Konfransına ev sahibliyi edəcək.