Taleh Babayev: Binəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır VİDEO

Bakı, 20 aprel, AZƏRTAC
Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində ictimai iaşə obyektində yanğın hadisəsinin baş verməsi haqqında saat 14.41-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti 5 istiqamətdən əraziyə cəlb olunub. Yanğın ərazidəki ümumi sahəsi 1650 kvadratmetr olan marketdə və anbar hissəsində müşahidə olub.
Bu barədə jurnalistlərə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev məlumat verib.
Onun sözlərinə görə, yanğınsöndürənlər tərəfindən baş vermiş yanğın hadisəsinin digər ərazilərə keçməsinin qarşısı alınıb: “Ərazidə təxminən 650 kvadratmetr sahə yanıb, digər sahə mühafizə olunub. Eyni zamanda, 4 vətəndaşa məxsus avtomobil yanıb. Yanğının ilkin səbəblərinin araşdırılması istiqamətdə iş aparılır. Bizə yanğın zamanı hər hansı vətəndaşın xəsarət alması ilə bağlı məlumat daxil olmayıb”.