Tanınmış pianoçu Zakir Əsədov “Cadenza” orkestri ilə birgə konsert verib
Bakı, 26 oktyabr, AZƏRTAC
“Cadenza” orkestri (Cadenza Contemporary Orchestra) Beynəlxalq Muğam Mərkəzində növbəti dəfə konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, “Bach’a qayıdış” adlanan bu konsertdə pianoçu Zakir Əsədov dahi alman bəstəkarı İ.S.Baxın həyatının son dayanacağı olan Leypziq şəhərində yazılmış üç konsertini (f-moll, E-dur, d-moll) orkestrlə birgə ifa edib.
Z.Əsədovun temperamentli ifası, yüksək bədii zövqü, İ.S.Bax musiqisinin incə lirizmi, solğun melanxoliyası və bütün bunların fonunda Barokko dövrünün aristokrat ruhu dinləyiciləri sanki XVIII əsrin sakit Leypsiq şəhərinə aparıb.
Qeyd edək ki, Zakir Əsədov musiqi təhsilinə Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin fortepiano sinfində başlamış daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavr və magistratura ixtisası üzrə təhsilini davam etdirib. Respublika və beynəlxalq müsabiqələr laureatı olan Zakir Əsədov 2006-2013-cü illərdə Azərbaycanın nüfuzlu müasir musiqi ansambllarından olan “Con tempo”nun solisti olub. Fortepiano konsertləri də daxil olmaqla 50-yə yaxın müxtəlif həcmli fortepiano əsərinin ilk ifaçısıdır. Zakir Əsədov peşəkar pianoçu olmaqla yanaşı, həm də tədqiqatçı, “Georgi Şaroyev fenomeni” adlı monoqrafiyanın müəllifidir. 2018-ci ildə yazılmış bu monoqrafiyada Azərbaycan professional fortepiano məktəbinin banilərindən biri olan G.Şaroyevin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti geniş şəkildə işıqlandırılıb. Monoqrafiya Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub.