Tarix Muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası” adlı rəsm əsəri qorunur


Bakı, 7 dekabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası” adlı rəsm əsəri qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
105 il bundan əvvəl, 1918-ci il dekabrın 7-də məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin keçmiş Qızlar məktəbinin binasında (indiki Əlyazmalar İnstitutu) müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası açılıb.
XX əsrin əvvəllərində müsəlman Şərqində bir çox Avropa dövlətləri üçün nümunə ola biləcək parlamentin yaradılması böyük tarixi əhəmiyyət daşıyan hadisə olub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, onun gördüyü mühüm işlər ölkəmizin tarixində silinməz izlər qoyub.