ELM VƏ TƏHSİL
Tarix Muzeyində ilk azərbaycanlı mühəndis-pilot Əli bəy Verdiyevin şəxsi əşyaları qorunur
Bakı, 2 iyun, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində ilk azərbaycanlı mühəndis-pilotlarından biri Əli bəy Verdiyevin şəxsi əşyaları qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Əli bəy Verdiyev 1891-ci il yanvarın 1-də Yelizavetpol şəhərində (indiki Gəncə) anadan olub. O, Fransa Politexnik Məktəbinin mühəndis-mexanik fakültəsində avia və avtonəqliyyat vasitələrinin təmiri ixtisası üzrə təhsil alıb. Birinci Dünya müharibəsi illərində mühəndis-mexanik işləyib. 1916-cı ildə Fransanın aviapilotaj məktəbində hazırlıq kursu keçib. Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsi tərəfindən verilən aviasiya patentinə əsasən, Əli bəy Verdiyev 1916-cı il iyunun 22-də “pilot-aviator” normativlərini tam yerinə yetirərək bu ada layiq görülüb.
Cümhuriyyət dövründə Azərbaycana qayıdıb. Bakı şəhərində mühəndis-mexanik kimi əmək fəaliyyətini davam etdirib. Əli bəy Verdiyevin bəzi şəxsi əşyaları ölümündən sonra Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.
“İrs-Miras” beynəlxalq jurnalında muzeyin əməkdaşı tarix üzrə fəlsəfə doktoru Məmməd Məmmədovun Əli bəy Verdiyev haqqında “Parisdə aviasiya məktəbində təhsil alan azərbaycanlı pilot” adlı məqaləsi dərc olunub.
Qeyd edək ki, Azərbaycanda ilk mülki hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində həyata keçirilib. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Məhz 1938-ci il iyunun 2-də Azərbaycanda mülki aviasiyanın təməlini qoymuş ilk aviasiya qrupu yaradılıb.