Tarix Muzeyində müxtəlif dövrlərə aid idman kolleksiyası qorunur
Bakı, 6 mart, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində müxtəlif dövrlərə aid idman alətləri kolleksiyası mühafizə olunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, nümayiş olunan eksponatlar arasında XVI-XVIII əsrlərə aid millər (zorxana alətləri), çövkən oyunu miniatürü, pəhləvan şalvarı və zorxanada idman aləti kimi istifadə olunan bargirlər yer alır. Çövkən yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərindəki təsvir bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını sübut edir.
Eyni zamanda, muzeydə “qızıl fit” (2014-cü ildə Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim Hicran Şərifovun tərəfindən hədiyyə edilib) qorunur.
Azərbaycanın idman tarixinə aid eksponatlar ziyarətçilər tərəfindən maraqla izlənilir.