ELM VƏ TƏHSİL
Tarix Muzeyinin əməkdaşı Quba və Xaçmaz rayonlarından maddi mədəniyyət nümunələri toplayıb
Bakı, 4 iyun, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev Quba və Xaçmaz rayonunda toplama xarakterli ezamiyyətdə olub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ezamiyyətin əsas məqsədi Quba və Xaçmaz rayonları ərazisində eramızdan əvvəl I minilliyin ilk rübünə, eyni zamanda, antik və erkən orta əsrlərə aid məlum olan abidələr haqqında məlumat toplamaq və bu bölgələrdən aidiyyəti dövrlərə aid maddi mədəniyyət nümunələr götürərək, gələcəkdə arxeoloji tədqiqatlar aparılması üçün yeni abidələrin müəyyən edilməsi olub.
Ezamiyyət zamanı Quba rayonunun Ağbil kəndindəki kurqanlara, orta əsrlərə aid dördguşəli Şeyx Murad, səkkizguşəli Şeyx Bəzyəddin türbələrinə, kənd ərazisindəki İlanlıtəpə və Şistəpə adlı ərazilərə baxış keçirilib, bir sıra keramika fraqmentləri götürülüb.
Eyni zamanda, Quba rayonunun Rustov kəndi ərazisində antik dövrə aid yerüstü materiallar, Püstəqasım kəndi ərazisindəki Şuqna təpəsi və kəndin girəcəyindəki torpaq karxanasından saxsı qablar toplanılıb. Rustov ərazisindəki Ələmu qalasına, eyni zamanda, Qalagah kəndindəki qalaya baş çəkilib, bir sıra keramika nümunələri və fraqmentləri, dəmir ox ucluqları əldə edilib. Quba rayonunun Xanagah və Zıxır kəndlərində orta əsrlərə aid abidələr haqqında məlumatlar toplanılıb.
Ezamiyyət səfəri çərçivəsində Xaçmaz rayonunun Canaxır kəndindəki Canaxır təpələri abidəsinə baxış keçirilib, bir sıra antik və erkən orta əsrlərə aid keramika fraqmentləri, bu nadir abidəyə aid məlumatlar əldə edilib. Xaçmaz rayonunun Mehrəli Qışlaq kəndinin Muxtar Osmanov adına ümumorta məktəbində qorunan təsadüfi arxeoloji materiallar (saxsı qablar, numizmatik materiallar və s.) yerindəcə araşdırılıb, nümunələrin ümumi və dövrü təyinatı, aşkar edildikləri ərazilər, məişət və təsərrüfat xarakterli olması müəyyən edilib, fotoları çəkilib.
Ezamiyyət səfərində bir ədəd iri ölçülü, tək qulplu, ağzı əyməli saxsı su qabı (Püstəqasım kəndi), bir ədəd orta ölçülü, tək qulplu, ağzı əyməli saxsı su qabı (Rustov-Qalagah kəndi), bir ədəd kiçik ölçülü, tək qulplu, saxsı qab (Ağzı və qulpu sınmışdır), (Rustov-Qalagah kəndi), bir ədəd orta ölçülü, tək qulplu saxsı su qabı (Püstəqasım kəndi), dörd ədəd dəmir ox ucluğu (Rustov kəndi) toplanılıb.
Qeyd edək ki, iki ədəd saxsı qab Rustov kənd Məckəxacə tam orta məktəbinin direktoru Faiq Bayramov tərəfindən muzey əməkdaşına təhvil verilib.