Taro Kono və Maykl Pompeo Şimali Koreyanın son raket sınağını müzakirə ediblər
Tokio, 4 may, AZƏRTAC
Mayın 4-də Yaponiyanın xarici işlər naziri Taro Kono və ABŞ dövlət katibi Maykl Pompeo telefon danışığı zamanı Şimali Koreyanın son raket sınağını müzakirə ediblər.
Yaponiya Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı açıqlamada qeyd edilir ki, müzakirələr zamanı tərəflər Koreya yarımadasındakı problemlərlə bağlı sıx əməkdaşlıq barədə razılıq əldə ediblər.
Həmin gün Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Şimali Koreya tərəfindən Yapon dənizi istiqamətində bir neçə yaxın məsafəli raketin buraxıldığını təsdiq edib. Birinci və sonuncu raketlər arasında zaman fərqi 20 dəqiqə olub. Raketlərin 70 kilometrdən 200 kilometrədək məsafəni qət etdiyi və dənizə düşdüyü qeyd edilir.
Yaponiya hökuməti həmin raketlərin ballistik raketlər olmadığını və ölkənin məxsusi iqtisadi zonasına çatmadığını bəyan edib. Yaponiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, Şimali Koreya bununla ABŞ ilə danışıqların dalana dirənməsindən sonra öz imkanlarını nümayiş etdirməyə çalışır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio