Tbilisidə Türkiyənin “Zeytun budağı” antiterror əməliyyatlarına dəstək aksiyası keçirilib
Tbilisi, 29 yanvar, AZƏRTAC
Türkiyənin Suriya ilə sərhəddəki Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatlarına dəstək məqsədilə yanvarın 29-da bu ölkənin Gürcüstandakı səfirliyi qarşısında aksiya təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr əllərində Azərbaycanın və Türkiyənin bayraqlarını tutaraq bu antiterror əməliyyatlarını dəstəklədiklərini, hər zaman qardaş türk xalqı ilə həmrəy olduqlarını bildiriblər. Aksiyada “Türk türkə dayaqdır”, “Şəhidlər ölmürlər” və s. şüarlar səsləndirilib. Tələbələr bütün dövlətləri terrorla mübarizədə Türkiyəyə dəstək olmağa çağırıblar.
Aksiya dinc keçib və heç bir qarşıdurma qeydə alınmayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi