Tbilisidə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş aksiya təşkil edilib
Tbilisi, 24 fevral, AZƏRTAC
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Tbilisidə aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, "Lider Media" qeyri-hökumət təşkilatının keçirdiyi aksiya çərçivəsində Tbilisinin mərkəzi Ş.Rustaveli prospektində, Rustaveli metrosunun və Gürcüstan Parlamentinin qarşısında və Azadlıq meydanında insanlara üzərində gürcü və ingilis dillərində "Xocalıya ədalət!" yazılmış tibbi qoruyucu maska, qeyd kitabçaları və qələm paylanılıb.
İnsanlara və şəhərin qonaqlarına Xocalı soyqırımı barədə ətraflı məlumat verilib.
Aksiyanın təşkilatçısı, "Lider Media" təşkilatının direktoru, “24news.ge” informasiya portalının rəhbəri Azər Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, aksiya çərçivəsində 600-ə yaxın məlumatlandırıcı vasitə - qələm, tibbi qoruyucu maska və qeyd kitabçaları paylanılıb.
Məqsəd ermənilərin Xocalıda insanlığa qarşı törətdiyi qatı cinayətləri Gürcüstan ictimaiyyətinin və Tbilisi şəhərinin qonaqlarının diqqətinə çatdırmaqdır.
“Biz Gürcüstan azərbaycanlıları bu yolla həm də, Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsinə ehtiramımızı bildiririk”, - deyə A.Məmmədov vurğulayıb.
Qeyd edək ki, aksiyada “24news.ge” portalının jurnalistləri də yaxından iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi