“Teatrdakı ustad dərsi yaradıcılıq baxımından kadr potensialının və peşəkarlığın yüksəldilməsinə yönəlib” – açıqlama
Bakı, 27 may, AZƏRTAC
Bir neçə gündür, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bu sənət ocağının direktoru, Xalq artisti Yusif Eyvazovun təşəbbüsü ilə İtalyanın məşhur opera müğənnisi Federico Longhinin ustad dərsləri keçirilir. Qonaq kollektivlə öz təcrübəsini bölüşməklə yanaşı, teatrımızın solistləri ilə fərdi məşğələlər aparır. Nəticə etibarilə peşəkar kollektivimiz öz bilik və bacarıqlarını daha da stimullaşdırırlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Opera və Balet Teatrının solisti, Əməkdar artist İnarə Babayeva deyib.
O bildirib ki, ustad dərsi teatrın yaradıcılıq baxımından kadr potensialının və peşəkarlığın yüksəldilməsinə yönəlib və silsilə şəkildə davam edəcək.
“Çox sevindirici haldır ki, bir neçə gündür maestro Federico Longhidən ustad dərsləri alırıq. Gənc solistlərdən tutmuş Xalq artistlinədək hamı ustad dərslərində iştirak edir. Bütün solistlərin adından və öz adımdan teatrın direktoru Yusif Eyvazova minnətdarlığımı bildirirəm. Belə ustad dərsləri bizə çox vacib idi. Bu dərslərdə biz həm vokal, həm tənəffüs və nəfəs üstündə işləyirik, repertuarımızı daha da möhkəmləndiririk. İnanırıq ki, gələcəkdə də belə müəllimlər bizim teatra tez-tez gələcək və biz də bu imkanlardan yaxşıca faydalana biləcəyik”, - deyə Əməkdar artist söyləyib.