Teatrşünas: Teatr canlı ünsiyyəti qoruyan ən mühüm sənət növlərindəndir
Bakı, 23 iyul, AZƏRTAC
Teatr hər coğrafiyada fərqli şəkildə təzahür edir və hər bir ölkənin teatrı həmin cəmiyyətin psixologiyasını, mentalitetini, iqtisadi-siyasi durumunu, eləcə də sosial problemlərini özündə əks etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında teatrşünas Dağlar Yusif deyib.
Onun sözlərinə görə, Azərbaycanda teatrın qarşısında duran əsas problemlərdən biri özünü cəmiyyətə lazımi səviyyədə təqdim edə bilməməsidir.
“Marketinq və təbliğat sahəsindəki çatışmazlıqlar səbəbindən teatr tamaşaçıya kifayət qədər yaxınlaşa bilmir. Lakin bu, onun cəmiyyətdəki rolunu azaltmır. Əksinə, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə teatr canlı ünsiyyəti yaşadan nadir sənət məkanlarından biri kimi daha da əhəmiyyət qazanır”, – deyə o bildirib.
Teatrşünas qeyd edib ki, bu gün insanlar daha çox telefonlar, sosial şəbəkələr və digər rəqəmsal platformalar vasitəsilə ünsiyyət qurduqlarından təbii və səmimi insan münasibətləri zəifləyir. Belə bir şəraitdə teatr insanları ortaq fikir və duyğular ətrafında bir araya gətirən, canlı ünsiyyəti təşviq edən mühüm mədəni məkana çevrilir.
Onun sözlərinə görə, teatrın əsas missiyası insanları yenidən canlı ünsiyyətə qaytarmaq və onları vahid mənəvi müstəvidə birləşdirməkdir.
Dağlar Yusif bildirib ki, müasir dövrdə televiziya, sosial media və digər rəqəmsal əyləncə vasitələri insanların diqqətini daha çox cəlb etsə də, teatr öz əhəmiyyətini itirməyəcək.
“Teatra gəlmək müəyyən hazırlıq və seçim tələb edir. Buna baxmayaraq, peşəkar tamaşalar hər zaman öz tamaşaçısını tapır. Nə qədər ki, insanın fitrətində oyun ehtiyacı, obraz yaratmaq və emosiyalarını canlı şəkildə bölüşmək istəyi var, teatr da yaşayacaq. Çünki teatr insanı düşündürən, hiss etdirən və canlı ünsiyyətə sövq edən ən güclü sənət növlərindən biridir”, – deyə teatrşünas vurğulayıb.