“Təbiət sənin gözündə” fotomüsabiqəsinin vaxtı uzadılıb

Bakı, 20 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin martın 2-də start verdiyi "Təbiət sənin gözündə" fotomüsabiqəsinə müraciətlərin vaxtı uzadılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər lentə aldıqları fotoşəkilləri aprelin 1-dək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müsabiqə 22 Mart - Dünya Su Günü ilə əlaqədar “Su mənbələri sənin gözündə” mövzusuna həsr olunub.
Müsabiqədə iştirak üçün fotoların qəbulu aprelin 1-nə kimi aparılacaq. Səsvermə müddəti isə aprelin 1-dən 3-nə kimidir. Bundan əlavə, müsabiqədə iştirak edəcək fotoların təsviri dəniz, buzlaq, çay, göl, şəlalə və su hövzələri ilə bağlı olmalı, fotolar Azərbaycan təbiətinə məxsus olmalı, çəkilən ərazinin adı email-də qeyd edilməlidir.
Müsabiqədə hər bir iştirakçı yalnız bir fotoşəkillə iştirak edə bilər. Təqdim olunan fotolar müəllif tərəfindən şəxsən lentə alınmalı, orijinal olmalıdır. Fotoşəklin plagiat olduğu müəyyən olunduğu təqdirdə iştirakçı müsabiqədən kənarlaşdırılacaq. Müsabiqəyə təqdim olunan işlər çərçivəsiz, üst yazıları (ad, simvol, loqo) olmadan, kollaj və dizayn manipulyasiyalarından istifadə olunmadan qəbul olunur. Fotoşəkillər aydın, keyfiyyətli formatda çəkilməlidir.
Fotoları göndərərkən e-maildə iştirakçının ad və soyadının, əlaqə nömrəsinin qeyd edilməsi mütləqdir.
Səsvermədə qalib olan ilk 3 yerin sahibi aşağıdakı kimi mükafatlandırılacaq:
I yer - 500 AZN
II yer - 300 AZN
III yer - 200 AZN
Müsabiqə ilə bağlı suallarınızı qeyd olunan email ünvanına yaza bilərsiniz:
E-mail: [email protected]