Təbrizdə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş konsulluğunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, həmin qanlı hadisədən bəhs edən sənədli filmə baxıblar. Həmçinin Baş konsulluqda fotosərgi təşkil edilib və ehsan süfrəsi açılıb.
Tədbirdə İranın Şərqi Azərbaycan valilisinin siyasi və ictimai məsələlər üzrə müavini Torab Məhəmmədi, Şərqi Azərbaycan valiliyinin siyasi bürosunun baş direktoru Həsən Həqiqian, Şərqi Azərbaycan valiliyinin ümumi və beynəlxalq əlaqələr üzrə idarəsinin baş direktoru Məhəmməd Əzizi Rad, İİR XİN-in Şimal-Qərb nümayəndəliyinin rəhbəri Tohid Nəzəfzadə, Türkiyənin Təbrizdəki baş konsulu Çetin Taner və Baş konsulluğun əməkdaşları, Təbriz Mətbuat Evinin rəhbəri Mürtəza Şəfiyi, bu şəhərdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri, tələbələr iştirak ediblər.
Baş konsul Əliyənnağı Hüseynov çıxışında bildirib ki, 34 il bundan əvvəl, eynilə indiki kimi soyuq və şaxtalı bir qış axşamında keçmiş SSRİ-nin geniştərkibli qoşun birləşmələri bir neçə istiqamətdən Azərbaycana hücum edərək paytaxt Bakıda, onun ardınca isə ayrı-ayrı rayonlarda insanlıq əleyhinə cinayət törədib, bütün bunlar azmış kimi, o dövrdə faciənin əsl mahiyyətini ört-basdır etmək üçün Azərbaycan xalqına qarşı şər və böhtan kampaniyası aparıblar. Qanlı Yanvar hadisələri təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları səbəbindən baş vermiş prosesdir. Ermənistanın işğalçılığına, Moskva hakimiyyətinin bu məsələyə riyakar və ikiüzlü münasibətinə, eləcə də Azərbaycan hakimiyyətinin qətiyyətsizliyinə kəskin etiraz edən Azərbaycan xalqı küçə və meydanlara axışaraq ərazi bütövlüyünün təmin olunmasını tələb edirdi. Lakin keçmiş SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov və onun ermənipərəst əhatəsi Azərbaycana qarşı düşmənçilik nümayiş etdirərək işğalçı Ermənistanı bu və ya digər formada dəstəkləyirdilər.
Qorbaçovun birbaşa rəhbərliyi ilə Azərbaycana hücum edən ordu birləşmələri qadın, uşaq və qocalara belə rəhm etmədən dinc əhaliyə divan tutub. Qəhrəman Azərbaycan xalqı bu qədər amansız və zalım hücumdan çəkinməyərək sonadək öz haqq və hüquqlarını müdafiə etdi. İşğal nəticəsində 147 nəfər qəhrəman Azərbaycan vətəndaşı şəhadət zirvəsinə yüksəlib, 700-dən çox yaralının 250-si qadın, 20-si uşaq olublar. Dövlətə və əhaliyə külli miqdarda maddi zərər vurulmuşdur.
Diplomatımız diqqətə çatdırıb ki, faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Ulu Öndərin etiraz bəyanatındakı mühüm bir məqam belədir: “İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş və bu gün də davam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir. Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi. İki-üç ay əvvəl Azərbaycan partiya rəhbərliyinin möhkəmləndirilməsi məsələsi həll edilsə idi, vəziyyət gərginləşməz, ordu yeridilməsinə zərurət yaranmazdı. Bütün vəziyyətlərdə, hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur”.
Özünün və ailə üzvlərinin həyatını təhlükəyə atan Ulu Öndər Heydər Əliyevin bu cəsarətli addımı Azərbaycan xalqı tərəfindən milli həmrəylik addımı kimi dəyərləndirilmişdir. O dövrdə məhz Heydər Əliyevin cəsarətli siyasi addımları nəticəsində dünya ictimaiyyəti sovet hakimiyyətinin Bakıda törətdiyi qeyri-insani cinayətdən xəbərdar olmuş, qanlı hadisənin geniş mənada gizlədiləməsi mümkünsüz hala gətirilmişdir.
Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib. 1994-cü il martın 29-da isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.
Ə.Hüseynov vurğulayıb ki, Azərbaycan tarixdə ilk dəfə 20 Yanvar faciəsinin ildönümü ərazi bütövlüyünün və suveren hüquqlarının tam bərpası şəraitində qeyd edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Qarabağda qazandığı rəşadətli hərbi Zəfər Azərbaycan xalqının 34 il bundan əvvəl göstərdiyi ümumxalq birliyinin yeni bir təcəssümdür.