Tədris və peşə-tədris məktəbinin şagirdləri maqnit variasiyaları haqqında məlumatlandırılıblar
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun elan etdiyi X Qrant Müsabiqəsinin qalibi olan “Maqnit variasiyalarının anomal dəyişmələrinin insan səhhətinə və canlı aləmə təsiri” layihəsi çərçivəsində Şamaxı Rayon Tədris Mərkəzi və İsmayıllı Rayon Peşə Tədris Mərkəzində təlim keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə RSXM-nin "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev və mərkəzin əməkdaşları - Nərmin Təhlətli, Afaq Ağazadə, Leyla Aşurova tədris və peşə-tədris mərkəzinin şagirdlərinə maqnit sahəsi haqqında, eləcə də maqnit variasiyalarının insan səhhətinə və canlı aləmə təsiri haqqında ətraflı məlumat veriblər.
Mərkəzin əməkdaşları, həmçinin məktəb şagirdlərinin suallarını da cavablandırıblar.