Tehran dövləti Azərbaycanı yolundan döndərə bilməyəcək
Bakı, 4 aprel, AZƏRTAC
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi, bu terror aktı müstəqillik qazanandan Azərbaycana qarşı əvvəl bir az örtülü, İkinci Qarabağ savaşından sonra isə açıq şəkildə yeridilən düşmənçilik siyasətinin tərkib hissəsidir. Yəni, sərhədlərimiz boyunca keçirilən hərbi təlimlərin, haylara, hətta onların özlərində belə təəccüb və tərəddüd doğuran təkidli dəstək təkliflərinin, Tehrandakı səfirliyimizdə törədilən terrorun, dayanmadan bura narkotik maddələrin göndərilməsi kimi təxribatların arxasında hansı niyyət gizlənirsə, haqqında danışdığımız olayda da məqsəd eyni olub. Amma bu terror aktını planlaşdıranların tez bir zamanda təsbit edilmələri, icraçıların artıq tutulmaları faktı da göstərdi ki, Tehran dövləti öz məqsədinə çatmayacaq, Azərbaycanı yolundan döndərə bilməyəcək, dövlətimizə qarşı yönələn təxribatlarının qarşısı qətiyyətlə alınacaq, buradakı nökərləri qanunun sərt üzünü də görəcəklər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev söyləyib.
Güc strukturlarımızın, ilk növbədə, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının göstərdikləri yüksək peşəkarlıqdan danışan deputat deyib: “Onlar sözügedən terror aktının arxasında duran ölkənin bəlli strukturlarından nəinki peşəkarlıqda, prinsipiallıqda, əzm və təəssübdə də üstünlüklərini göstərdilər. Fikrimcə, bu da bizim dövlət idarəçilik modelimizin əmmaməli rejiminkindən nə qədər mütərəqqidirsə, bir o qədər də mükəmməl olmasının növbəti təsdiqidir. Cəmiyyətin də İran rəhbərliyinin Azərbaycana qarşı yeritdiyi siyasətə yanaşması tam adekvat olmalıdır. Hələ qəflət yuxusunda yatanlar da anlasın ki, Fazil Mustafaya atılan güllə təkcə ona deyil, savaşda qazandığımız Zəfərə, dövlətimizin güclənməsinə, əmin-amanlığımıza, səngərdəki əsgərimizə - hər birimizə yönəlib. İnanclılarımız artıq dərk etməlidirlər ki, yaratdıqları terror şəbəkələrinə peyğəmbərimizin doğmalarının adlarını verənlər, xalqımızı narkotik dumanında boğmağa köklənənlər Quranın buyurduğu yox, babaları Həsən Sabbahın yoluyla gedirlər. Onlar sanki “din tiryəkdir”, - deyən Karl Marksa əməlləri ilə haqq qazandırmağa çalışırlar. Belələrindən uzaq durulmalı, İran nökərlərinə yerləri göstərilməlidir”.