SİYASƏT
Tehranda OANA-nın XVIII Baş Assambleyası işə başlayır VİDEO
Bakı, 24 oktyabr, AZƏRTAC
Bu gün Tehranda Asiya-Sakit Okean Xəbər Agentlikləri Təşkilatının (OANA) XVIII Baş Assambleyası işə başlayır.
AZƏRTAC xəbər verir ki, 29 ölkədən 33 agentliyin nümayəndə heyətləri İran paytaxtına gəliblər.
Bu forumda AZƏRTAC-ı agentliyin Almaniya və Belçikadakı xüsusi müxbiri, 2016-2019-cu illərdə OANA-nın baş katibi olmuş Vüqar Seyidov təmsil edir.
Xatırladaq ki, 2016-2019-cu illərdə bu təşkilatda AZƏRTAC sədrlik edib, OANA-nın XVI Baş Assambleyası isə Bakıda keçirilib.
Budəfəki Baş Assambleyada OANA-nın Nizamnaməsinə bəzi dəyişikliklər edilməsi nəzərdə tutulur. Assambleyanın birinci iş günündə keçiriləcək elmi konfransda AZƏRTAC-ın nümayəndəsinin də məruzəsi gözlənilir. Bu məruzə koronavirus pandemiyasının media sektoruna təsiri mövzusuna həsr edilib. Sabah xəbər agentliklərinin bu nüfuzlu regional alyansının fəaliyyəti ilə bağlı təşkilati məsələlərə baxılacaq.