Tehranda “Xocalıya ədalət” kampaniyası çərçivəsində anma mərasimi keçirilmişdir
Tehran, 26 fevral (AZƏRTAC). Azərbaycanın İrandakı səfirliyində “Xocalıya ədalət” kampaniyası çərçivəsində anma mərasimi keçirilmişdir. Bununla əlaqədar səfirliyin qarşısında fəxri qarovul dəstəsi düzülmüş, faciə qurbanlarının xatirəsinə ehtiram olaraq müəssisə və təşkilatlardan əklillər gətirilmişdir.
İran ictimaiyyətinin nümayəndələrinin, ölkə rəsmilərinin, Tehran Universitetində təhsil alan yerli və Türkiyə, İran, Yaponiya, Pakistan, Suriya, İndoneziya, Seneqal və s. yerlərdən olan tələbələrin, paytaxtdakı beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdikləri mərasim faciə qurbanlarının ruhuna “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlanmışdır.
Xocalı soyqırımı ilə bağlı sənədli filim nümayiş etdiriləndən sonra çıxışlar olmuşdur.
Səfirliyin ikinci katibi Tariyel İsmayılov, Tehran Universitetində təhsil alan pakistanlı tələbə Nasir İjaz, İran Avrasiya İnstitutunun Yazıçılar Birliyinin şura üzvü İlyas Vahidi, paytaxt sakinləri Əkbər Salehi və Həsən Rəşidi çıxışlarında Xocalı soyqırımının təkcə Azərbaycana deyil bütün bəşəri dəyərlə və humanizm prinsiplərinə qarşı törədilmiş vandalizm aktı kimi qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, bu cinayətə bütün dövlətlər və beynəlxalq təşkilatlar siyasi-hüquqi qiymət verməli, qanlı qətliamı törədənlər məsuliyyətə cəlb olunmalıdırlar.
İştirakçılara və çıxış edənlərə minnətdarlığı bildirən səfir Cavanşir Axundov qeyd etmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı soyqırımının törədilməsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri iki yüz illik təcavüzkar əməllərin davamıdır. Bu soyqırımı Ermənistan dövlətinin əsl simasını, onun terrorçu və təcavüzkar siyasətinin mahiyyətini ortaya qoymuşdur. Səfir əminliklə bildirmişdir ki, “Xocalıya ədalət” kampaniyası bu hərbi cinayətin beynəlxalq məhkəmələrdə öz həllini tapması ilə nəticələnəcəkdir.
İştirakçılara Xocalı soyqırımı, təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin Azərbaycanda törətdiyi ağır nəticələr, ölkəmizin tarixi və müasir inkişaf istiqamətləri barədə kitab, jurnal, DVD, CD və digər əyani vəsaitlər paylanmışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran