Təhsil İnstitutu təlim resursları ilə bağlı vebinar təşkil edib
Bakı, 8 oktyabr, AZƏRTAC
Təhsil İnstitutu “I sinfə gedəcək uşaqların hazırlığında “Məktəbə hazırlaşırıq” təlim resurslarının rolu” mövzusunda vebinar təşkil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarda strateji əhəmiyyətli təhsil islahatı olan ümumi təhsilin məktəbəhazırlıq səviyyəsində təlimin vacibliyindən, bu təlim prosesində istifadə olunan “Məktəbə hazırlaşırıq” təlim resurslarının rolundan danışılıb. Dinləyicilər təlim resurslarının yenilənməsini zəruri edən amillər, onların quruluşu, məzmun və təlim metodikasının xüsusiyyətləri barədə məlumatlandırılıb, həmçinin məktəbəhazırlıq qruplarından praktik nümunələr nümayiş olunub. Sonda məktəbəhazırlıq keçən uşaqların sayı ilə sonrakı tədris ilində birinci sinfə gedən şagirdlərin sayı arasında müqayisəli təhlil aparılıb.
Vebinara Tədris resursları şöbəsinin müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Rasim Abdurazaqov moderatorluq edib. Spikerlər isə Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri, “Məktəbə hazırlaşırıq” təlim resurslarının həmmüəllifi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Laləzar Cəfərova, “Məktəbə hazırlaşırıq” təlim resurslarının müəlliflər qrupunun rəhbəri, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müəllimi, uşaq psixonevroloqu ixtisası üzrə Yaponiyanın Tohoku Universitetində doktorluq proqramının məzunu, tibb elmləri üzrə fəlsəfə doktoru Kamran Salayev və Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin məktəbəqədər hazırlıq qrupunun müəllimi Səbinə Səmədzadə olub.