“Təhsil mediada: düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində təlim keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Azərbaycan Texniki Universitetində (Davamlı İnkişaf Mərkəzi) Elm və Təhsil Nazirliyinin dəstəyilə Tərəfsiz Jurnalistlər İctimai Birliyinin həyata keçirdiyi “Təhsil mediada: düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində təlim təşkil edilib. Təlimə “AzEdu.az” təhsil portalının icraçı direktoru Tünzalə Abbasova moderatorluq edib.
AZƏRTAC xəbər verir ki, təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin fəaliyyət istiqamətlərinin təsnifatlandırılması, onların təhsil qurumları və bu sahənin mütəxəssisləri ilə səmərəli işləməsinin təmin edilməsi üçün faydalı müzakirələrin keçirilməsidir.
Təlimi açan “AzEdu.az” təhsil portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı təhsildən yazan jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb. Bu təlimin media nümayəndələri üçün çox faydalı olduğunu qeyd edib.
Daha sonra Türkiyənin tanınmış professoru Emre Ünal media nümayəndələri ilə “Təhsil jurnalisti müsahibə və reportajlarda nəyə diqqət etməlidir?”, “Təhsil müəssisələri ilə necə işləmək lazımdır?”, “Təhsil jurnalisti sosial şəbəkələrdə fəaliyyətini necə qurmalıdır?” mövzularında müzakirələr aparıb.
Professor Emre Ünal qeyd edib ki, təhsildən yazan jurnalistlər bu sistemin fəaliyyətini, təhsilin fəlsəfəsini və psixologiyasını, müvafiq sahəyə aid əsas anlayışları yaxşı bilməlidirlər: “Təhsil sahəsində müxtəlif ölkələrin təcrübəsindən xəbərdar olmalıdırlar. Təhsildə aparılan islahatların nəticəsini müşahidə etmək və araşdırmaq çox vacibdir. Onlar dəvət olunduqları tədbirlərdə verilən press-relizlər, elanlar və mətbuat konfransları ilə kifayətlənməməli, adi informasiyalardan xüsusi xəbərlər çıxarmağı bacarmalıdırlar”.
Süni intellektin təhsil sahəsində fəaliyyət göstərən jurnalistlərin işində önəmini vurğulayan professor Levent Eraslan bildirib ki, zaman keçdikcə bəzi peşələr məhz süni intellekt tərəfindən ortadan qalxacaq. Lakin süni intellekt özü dezinformasiyanın əsas alətidir.
Qeyd edək ki, layihənin növbəti mərhələsində professor Levent Eraslan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün “Yeni media və təhsil jurnalistləri” mövzusunda təlim keçəcək.