Təkmilləşdirmə kursunu bitirmiş bir qrup zabitə sertifikatlar təqdim edilib
Bakı, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabitlərin psixoloq ixtisası üzrə təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təxminən 40 gün davam etmiş təkmilləşdirmə kursunun yekununda imtahandan müvəffəqiyyətlə keçən dinləyici zabitlərə sertifikatlar verilib. Bacarıqlı mütəxəssislər dinləyicilərə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində psixoloq ixtisası üçün lazım olan fənlərdən dərslər keçiblər. Təkmilləşdirmə kursunda təhsil aldığı müddətdə tədris və intizamda fərqləndiyinə görə mayor Fərid Fərəcov birinci, kapitan Ramilə İbrahimova ikinci, polkovnik-leytenant Mehman Kərimov isə tədris üçüncüsü adına layiq görülüb. Onlara Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi adından Fəxri Fərman təqdim edilib.
Buraxılış mərasimində çıxış edən polkovnik Nazim Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Silahlı Qüvvələrimizin peşəkarlığının artırılmasında Təlim və Tədris Mərkəzinin mühüm rol oynadığını vurğulayaraq Ulu Öndərin Vətənin müdafiəçiləri barədə “Bütün peşələr şərəflidir, lakin dövləti, torpağı, Vətəni qorumaq bütün peşələrdən şərəflidir!” sözlərini xatırladıb.
Kurs birincisi F.Fərəcov dinləyicilər adından çıxış edərək psixoloq zabitlərin hazırlanmasında, onların peşəkarlıqlarının artırılmasında təkmilləşdirmə kursunun əhəmiyyətini yüksək qiymətləndirib. O, Təlim və Tədris Mərkəzində təhsil aldıqları müddətdə psixoloq zabitlərin nəzəri biliklərə və praktik vərdişlərə yiyələndiklərini, silahdaşları ilə birlikdə qoşunlarımızda döyüş hazırlığının yüksəldilməsi naminə yorulmadan çalışacaqlarını bildirib, zabit yoldaşları adından minnətdarlığını çatdırıb.