Təkrar emal nəticəsində Bakıda tullantıların basdırılması 4 dəfə azalıb
Bakı, 15 may, AZƏRTAC
Dünyada məişət tullantılarının həcmi ildən-ilə artır. Azərbaycanda da əhalinin rifah səviyyəsinin yüksəlməsi nəticəsində istehlak səbətinin genişlənməsi və əhalinin sayının çoxalması tullantıların artmasına səbəb olur.
Adambaşına düşən tullantı miqdarına görə ABŞ ilk sıralardadır. Burada 1 nəfərə illik təxminən 750 kiloqram tullantı düşür. Bu rəqəm İsveçrədə 700, Almaniyada 600, Belçika, Xorvatiya və Türkiyədə 500 kiloqramdır. Azərbaycanda bu göstərici 400 kiloqrama yaxındır. Estoniya, Çexiya, Slovakiya və Rumıniyada isə adambaşına düşən tullantının illik miqdarı daha az - 300 kiloqram təşkil edir.
Tullantıların idarə edilməsi sahəsində ən arzuolunmaz üsul onun torpağa basdırılaraq zərərsizləşdirilməsidir. Bu üsuldan istifadəni azaltmaq üçün dünyanın qabaqcıl ölkələrində tullantıdan müxtəlif formalarda faydalanmaq siyasəti həyata keçirilir. Qərb ölkələri tullantılardan maksimum dərəcədə təkrar emal və enerji xammalı kimi istifadə etməyə çalışır. Bu müasir yanaşma Azərbaycanda da tətbiq olunur.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanda həyata keçirilən tullantıların idarə edilməsi siyasəti nəticəsində son 4 ildə Bakıda basdırılaraq zərərsizləşdirilən tullantıların miqdarı 4 dəfə azalıb. Balaxanı qəsəbəsində tullantıların çeşidlənməsi və yandırılması zavodları fəaliyyət göstərir ki, basdırılmaya qədər yuxarıda qeyd olunan proseslər həmin zavodlarda həyata keçirilir. Belə ki, 7-8 il bundan əvvəl Bakı şəhərindən yığılan tullantılar Balaxanı poliqonuna və digər tullantı sahələrinə daşınırdı. Açıq vəziyyətdə qalan tullantılar isə ekoloji fəlakətə yol açırdı. Tullantıların atıldığı bu ərazilərdən yayılan üfunət, hətta uzaq məsafələrdə də hiss olunurdu. Paytaxt sakinləri yaxın keçmişədək Balaxanı poliqonundakı tüstüdən əziyyət çəkirdilər.
Hazırda paytaxtdan yığılan tullantılar “Təmiz Şəhər” ASC-ə təhvil verir. Qəbul edilmiş tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənir. Plastik, metal, kağız, şüşə kimi materiallar ümumi kütlədən seçilir və bu materiallar təkrar məhsul emal edən müəssisələrə göndərilir. Yandırılmaya yararlı hissə tullantıların yandırılması zavodunda yandırılır və ondan elektrik enerjisi istehsal edilir. Bu enerji ilə həm zavod öz ehtiyaclarını ödəyir, həm də istehsal etdiyi enerjini ölkənin ümumi enerji şəbəkəsinə ötürür. Zavodda indiyədək 366 milyon 740 min kilovat-saat elektrik enerjisi istehsal olunub ki, onun da az bir hissəsi daxili ehtiyaclar üçün sərf edilib. Qalan 306 milyon 920 min kilovat-saat elektrik enerjisi ümumi şəhər elektrik şəbəkəsinə verilib.
Təkrar emala və yandırılmaya yararlı olmayan tullantılar isə Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda basdırılaraq zərərsizləşdirilir. Son 4 ildə basdırılan tullantıların miqdarı 75 faiz azalıb.
“Təmiz Şəhər” ASC bu istiqamətdə fəaliyyətini davam etdirir və tullantıların tərkibində mövcud xammal və enerji dəyərlərinin bərpasına daha çox üstünlük verilir. 2016-ci ilin sonunadək Balaxanı ərazisi tam sanitar poliqon səviyyəsinə gətiriləcək və burada basdırılan tullantıların çürüməsi nəticəsində əmələ gələn qazlar tutularaq emal ediləcək və enerji əldə olunacaq.