Təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlər keçirilir
Bakı, 15 aprel, AZƏRTAC
Təhsil İnstitutu tərəfindən təkrar sertifikasiyada iştirak edəcək müəllimlərə dəstək məqsədilə ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu üzrə təlimlər keçirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimlər mart ayından etibarən Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionlarına tabe olan rayonlarda, müəllimlərin yaşayış yerlərini nəzərə alaraq müəyyənləşdirilmiş mərkəzlərdə təşkil edilib. Təlimlərdə 2500-ə qədər ibtidai sinif müəllimi iştirak edir.
Müəllimlərin təlim ehtiyaclarını nəzərə alaraq hazırlanmış proqramda Azərbaycan dili və riyaziyyat fənlərinin məzmun xətləri üzrə lazımi bilik və bacarıqların təkmilləşdirilməsi nəzərdə tutulub.