REGİONLAR
Tələbə adını qazanan oğuzlu gənclərin əksəriyyəti pedaqoji və iqtisadiyyatla bağlı ixtisaslara üstünlük veriblər
Oğuz, 12 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu il tam orta təhsil pilləsini başa vuran 367 nəfər oğuzlu məzundan 221-i ali məktəbə qəbul üçün sənəd verib və onlardan 171-i imtahanlarda uğurlu nəticələr göstərərək tələbə adını qazanıb. İmtahanların nəticələrinə əsasən, bu il XI sinfi bitirən məzunların 45,5 faizi, ali məktəblərə daxil olmaq üçün sənəd verənlərin isə 75,6 faizi ali təhsil almaq imkanı əldə edib. Bu, son illər Oğuz rayonunun təhsil tarixində ən yüksək nəticədir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə Təhsil sektorundan məlumat verilib.
Bildirilib ki, ali məktəblərə qəbul imtahanlarında oğuzlu məzunlardan 40 nəfəri 500-700 bal arasında, o cümlədən 11 nəfər 600 baldan yuxarı nəticə göstərib. Cari ilin məzunlarından 158 nəfəri dövlət, 12-si isə özəl ali məktəblərdə təhsil alacaq. Onlardan 123 nəfəri ödənişsiz, 47 nəfər isə ödənişli ixtisaslara daxil olub. Sevindirici haldır ki, oğuzlu məzunlardan 5 nəfər Qarabağ Universitetinin, 1 nəfər isə Türkiyə-Azərbaycan Universitetinin ilk tələbələri sırasındadır.
Ümumiyyətlə, tələbə adını qazanan oğuzlu gənclər bu il ixtisas seçimi zamanı pedaqoji və iqtisadiyyatla bağlı ixtisaslara daha çox üstünlük veriblər. Ali məktəblərə qəbul imtahanlarında Oğuz şəhər 3 nömrəli, Xaçmaz, Qumlaq, Baş Daşağıl, Xalxal, Tərkeş və Çaldaş kənd tam orta məktəblərin məzunları xüsusilə fərqləniblər.