Tələbələr Genetik Ehtiyatlar İnstitutunun bazalarında təlimlərə cəlb olunublar
Bakı, 4 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Qarabağ və Şəki elmi-tədqiqat bazalarında Bərdə və Şəki rayonlarında fəaliyyət göstərən kolleclərin tələbələri üçün təlimlər keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri Tərtər rayonundakı Qarabağ Elmi-Tədqiqat Bazasında və Şəki Regional Kollecinin tələbələri isə Şəki Elmi-Tədqiqat Bazasında aparılan tədqiqat işləri ilə, yeni yaradılmış buğda sortlarının becərilməsi və toxumçuluğun təşkili, bitkilərin mineral gübrələrlə qidalanma rejimi və digər aqrotexniki tədbirlərin yerinə yetirilməsi ilə əyani şəkildə tanış olublar.
Tələbələrə, həmçinin Şəki Elmi-Tədqiqat Bazasında müxtəlif meyvə genofondunun toplanmış nümunələri, onların becərilmə texnologiyası, habelə Milli Genbankda qeydiyyata alınma proseduru, yeni ərzaqlıq buğda sortlarının nümayiş əkinləri barədə məlumat verilib. Tələbələrin sualları mütəxəssislər tərəfindən əhatəli, nəzəri cəhətdən, həm də əyani olaraq cavablandırılıb.