Tələbələr Türkiyəyə gəldikləri ilk aylarda adaptasiya problemi yaşaya bilərlər
Bakı, 24 iyun, AZƏRTAC
Son illərdə azərbaycanlı gənclər təhsil almaq üçün qardaş ölkə Türkiyə universitetlərini seçirlər. Türkiyə regionun və Avropanın ən güclü təhsil sisteminə malik ölkələrindəndir. Orada yaşam tərzi də azərbaycanlı tələbələr üçün uyğundur. Gənclərimiz təhsil aldıqları müddətdə yataqxanalarda və ya kirayədə yaşayırlar.
Türkiyədə təhsil alan gənclərin üzləşdiyi çətinliklər, məzun olandan sonra çalışdıqları sahələr və digər mövzular haqqında AZƏRTAC-a məxsusi açıqlamasında Türkiyə Universitetləri Məzunları (TUMİB) İctimai Birliyinin sədr müavini Emin Səfərov danışıb.
Bildirib ki, tələbələr Türkiyəyə gəldikləri ilk aylarda adaptasiya problemi yaşaya bilərlər. Buna görə də yataqxanada qalmaq onların komfortu, güvəni və maddiyyatı cəhətdən daha uyğun hesab olunur. Ev kirayəsi seçimi edən tələbələr isə daha çox aylıq kirayə haqqının yüksək olmasından və xarici vətəndaşlara güvən təminatı problemindən şikayətlənirlər.
“Bir tələbənin əhatəsi oxuduğu şəhər, universitet və təhsil dönəmindəki təcrübələrinə görə müəyyənləşir. Onlar öz sosial çevrələri və universitet imkanlarını istifadə edərək fəaliyyətlərini Türkiyədə davam etdirə bilirlər. Məzun tələbələrimizin az bir qismi Türkiyədə qalır. Tələbələrimizin bir qismi isə məzun olduqdan sonra akademik fəaliyyətini davam etdirmək üçün Avropa və Amerikaya üz tuturlar. İş imkanları cəhətdən xaricdə təhsil almış gənclərimizin ölkəyə inteqrasiyasını təmin etmək üçün TUMİB olaraq artıq 20 ilə yaxındır fəaliyyət göstəririk.
TUMİB-in əsas fəaliyyəti sadəcə məzun olmuş gənclərin deyil, hazırda aktiv şəkildə təhsil alan bütün Türkiyə tələbələrinə dəstək olmaqdır. Tələbələrin yay dönəmində yerli və türk şirkətlərində təcrübəyə dəstək, xarici konfrans, tədbirlərdə, diaspor fəaliyyətində iştirak, Türkiyə məzunu olmuş sahibkar şəxslərlə mütəmadi görüşlər və mentorluq fəaliyyəti və s. kimi fəaliyyət planımız mövcuddur”, - deyə E.Səfərov qeyd edib.