Təlimdə məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericiliyin tələbləri izah olunub
Şəki, 20 iyun, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yerli icra hakimiyyətlərində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları üçün təlim keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirilən tədbirdə AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova, Şəki, Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ şəhər və rayonlarının icra hakimiyyətlərinin Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının üzvləri iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, təlim zamanı Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, yerli icra hakimiyyətlərində yaradılmış monitorinq və əlaqələndirmə qruplarının zorakılıqla mübarizə sahəsində öz fəaliyyətlərini həyata keçirən zaman müvafiq qanunvericiliyin tələblərinə əməl etmələrinin vacibliyini vurğulayıb.
Təlimdə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının rəhbərlərinin məlumatları dinlənilib, bu sahədə fəaliyyətin daha da gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Müxbir – Mustafa Dadaşov