“Təmiz şəhər” ASC-də Avstriya nümayəndələri ilə görüşdə tullantılarla bağlı müzakirələr keçirilmişdir
Bakı, 19 sentyabr (AZƏRTAC). Sentyabrın 19-da Bakıda işə başlayan Azərbaycan-Avstriya biznes forumu çərçivəsində “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətində (ASC) bu ölkənin şəhər təsərrüfatı ilə məşğul olan şirkətlərinin nümayəndələri ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə “Təmiz şəhər” ASC-nin sədri Zakir İbrahimov rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti, həyata keçirdiyi layihələr barədə qonaqları məlumatlandırmış, eyni zamanda, Bakı şəhəri haqqında təqdimat keçirmişdir. Bildirmişdir ki, ASC Bakı və Abşeron ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir. Təsərrüfat fəaliyyətini müstəqil quran ASC 2009-cu il martın 12-dən dövlət qeydiyyatına alınmışdır.
Bakı şəhərinin ərazisi və əhalisinin sayını qonaqların diqqətinə çatdıran Z.İbrahimov tikilməkdə olan Bərk Məişət Tullantılarının Yandırılması Zavodu barədə də məlumat vermişdir.
Layihələndirmə, tikinti işlərinin Fransanın “CNİM” S.A şirkəti tərəfindən həyata keçirildiyini deyən “Təmiz şəhər” ASC-nin sədri zavodun Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, illik gücü 500 min ton olacaq zavod 2012-ci ilin sentyabrında istifadəyə veriləcəkdir. Tullantıların yandırılması nəticəsində əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 milyon kilovat/saat enerjiyə bərabər olacaqdır. Zavod Avropa Birliyinin və Azərbaycanın ətraf mühitin qorunmasına dair qoyduqları ən ciddi tələblərə uyğun şəkildə işləyəcəkdir.
Avstriya-Azərbaycan Ticarət Palatasının baş katibi Aleksandr Behenski və digər çıxış edən qonaqlar müasir tullantıların idarə olunmasında Vyananın nümunəvi şəhər olmasından, eləcə də tullantı suyunun içməli suya çevrilməsində ölkələrinin təcrübələrindən bəhs etmişlər.
Vyanalı nümayəndələr ətraf mühitin qorunmasında və tullantıların idarə olunmasında Azərbaycanın apardığı siyasətdən razı qaldıqlarını bildirmişlər.
Sonra görüşdə tullantı və çirkab sularının idarə olunması və əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılmışdır.
######
