“Təmiz Şəhər” ASC əhali arasında maarifləndirmə işini davam etdirir
Bakı, 26 iyul (AZƏRTAC). “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) ətraf mühitin mühafizəsi sahəsində insanların biliklərinin artırılmasına xüsusi diqqət yetirir. Bu məqsədlə cəmiyyətin əməkdaşları Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində “Ətraf mühit və neft sənayesi” istiqaməti üzrə magistratura pilləsində təhsil alan tələbələrə mühazirə oxumuşlar.
“Təmiz Şəhər” ASC-nin nəzdində fəaliyyət göstərən Tullantıların İdarə Edilməsi üzrə Məlumat və Resurs Mərkəzi bazasında tələbə və jurnalistlər üçün “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda təlim-tədris kursları təşkil edilmişdir. Mütəxəssislər müəssisələrin təkrar xammaldan istifadə potensialının gücləndirilməsi, tullantıların idarə edilməsinin iqtisadi səmərəliliyinin artırılması, tibbi tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsiri haqqında onlara məlumat vermişlər. Təlim-tədris kursunda fərqlənmiş iştirakçılar yekunda müvafiq sertifikat almışlar.
Bu barədə AZƏRTAC-a “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən məlumat verilmişdir. Bildirilmişdir ki, ASC tərəfindən Qala qəsəbəsində “Təmiz Qala” layihəsinin icrasını təmin etmək üçün geniş təşviqat proqramı həyata keçirilir. Bu məqsədlə uşaq bağçasında ekoloji yarışlar və oyunlar təşkil edilmiş, məktəblərdə maarifləndirici söhbətlər aparılmış, qəsəbə sakinləri ilə görüşlər keçirilmişdir. Bundan əlavə, əhaliyə ekoloji mövzularda müxtəlif izahedici və təşviqat materialları paylanmış, iməciliklər təşkil olunmuşdur.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda da maarifləndirmə işləri aparılmışdır. ASC-nin nümayəndələri İçərişəhərdə sakinlərlə görüşərək, onlara izahedici buklet və digər təşviqat materialları təqdim etmişlər.