TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
QPDK sədrinin birinci müavini Dilrubə Camalova ümummilli lider Heydər Əliyevin qadın problemləri ilə bağlı imzaladığı fərman və sərəncamlar barədə məlumat vermişdir. O, Dövlət Statistika Komitəsinin mütəmadi olaraq nəşr etdirdiyi “Azərbaycanda qadınlar və kişilər” adlı illik statistik məcmuənin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmana uyğun olaraq hazırlandığını diqqətə çarpdırmışdır.
DSK-nın toplu demoqrafiya və sosial statistika sektorunun müdiri Rza Allahverdiyev “Azərbaycanda qadınlar və kişilər-2005” statistik məcmuəsinin beynəlxalq statistika standartlarına uyğun şəkildə hazırlandığını bildirmişdir. O, məcmuədə qadınların və kişilərin sayı, yaş tərkibi, doğulanların və ölənlərin sayı, o cümlədən ölüm səbəbləri və miqrasiya axınları haqqında statistik məlumatların əks olunduğunu söyləmişdir. BMT-nin Əhali Fondunun maliyyə dəstəyi ilə nəşr edilən bu məcmuənin statistiklər, iqtisadçılar, idarəetmə orqanları işçiləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğu qeyd edilmişdir.
Mərasimdə yazıçı-publisist Sabir Gəncəli müəllifi olduğu “Qadın hərəkatının ön cərgəsində” kitabı haqqında məlumat vermişdir.