Tərtərdə 3500 hektardan çox əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq




Tərtər, 5 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətdə tədbirlər davam etdirilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtər rayon suvarma sistemləri idarəsinin rəisi Zahid İbrahimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 3500 hektardan çox əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi, suvarma zamanı su itkisinin qarşısının alınması məqsədilə Mollalar kanalına beton üzlük çəkilir. Əvvəlki illərdə kanalın 3 kilometr hissəsi betonla üzlənib. 2020-ci ildə kanalda 2 kilometr uzunluğunda beton üzlük vurulması nəzərdə tutulur. Hazırda kanalın torpaq yatağı hazırlanır, betonlama işləri gedir.
İdarə rəisi qeyd edib ki, Tərtər rayonunun 29 min 133 hektar əkin sahəsi Yuxarı Qarabağ kanalı üzərində qurulmuş nasos stansiyaları, Tərtər çayı, İncəçay və subartezian quyuları vasitəsilə suvarılır. İdarənin balansında 626,8 kilometr uzunluğunda suvarma kanalları var.
Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2019-cu ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. Bu dövrdə kanallarda 505 min kubmetr lildəntəmizləmə işləri görülüb, 25 hidrotexniki qurğu təmir edilib. Mollalar kanalının 826 metr və Buruc-Sarıcalı kanalının 130 metr hissəsinə beton üzlük çəkilib.
2019-cu ildə Tərtər rayonunda 3427 hektarda əkilmiş pambıq sahələri 4,5 dəfə, 11 min 50 hektar taxıl sahələri 2,1 dəfə, 5480 hektar yem bitkiləri 5,9 dəfə, 2482 hektar günəbaxan sahəsi 3,6 dəfə, 680 hektar şəkər çuğunduru 7,5 dəfə, 175 hektar qarğıdalı 3 dəfə, 458 hektar bostan-tərəvəz 9,3 dəfə, 244 hektar çoxilliklər 4,3 dəfə, 3517 hektar həyətyanı sahələr 4,1 dəfə suvarılıb. Əkinlərin vaxtlı-vaxtında suvarılması nəticəsində rayonda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı da yüksəlib.
Rayonda 2020-ci ilin məhsulu üçün əkilmiş taxıl, arpa, yonca, sarımsaq, soğan, vələmir sahələrinin də suvarılması həyata keçirilib. Pambıq əkiləcək sahələrdə arat işləri yekunlaşmaq üzrədir.
Tərtər rayonunda əkin sahələrinin suvarma suyuna olan tələbatının təmin edilməsi üçün hər il yeni subartezian quyularının qazılması da diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2019-cu il 12 fevral tarixli Sərəncamına əsasən, ötən il Tərtər rayonu ərazisində 13 ədəd yeni subartezian quyusu qazılıb.