İQTİSADİYYAT
Təsisçiyə verilən borc dividend hesab olunurmu?
Bakı, 28 iyul, AZƏRTAC
Təsisçiyə ödənilən faizlər gələcəkdə dividend kimi qəbul edilə bilərmi?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla hesablanır.
Qeyd edilənlərə əsasən, təsisçi tərəfindən hüquqi şəxsə verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Həmçinin Mülki Məcəlləyə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bununla yanaşı, Vergi Məcəlləsinə görə rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.