CƏMİYYƏT
Təvəkkül İsgəndərov: Ermənistanın vəhşi heyvanlara qarşı terror əməlləri dünya tərəfindən pislənməlidir VİDEO
![Təvəkkül İsgəndərov: Ermənistanın vəhşi heyvanlara qarşı terror əməlləri dünya tərəfindən pislənməlidir VİDEO](/files/2023/3/1200x630/16983244141846416136_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Bu yaxınlarda işğaldan azad olunmuş minalanmış ərazilərdə heyvanların, vəhşi fauna növlərinin minaya düşməsi, məhv olması, şikəst qalması barədə məlumat ictimailəşdirildi. “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi olaraq Ermənistanın faunaya qarşı törətdiyi terror əməlinə biganə qala bilməzdik. Bununla əlaqədar heyvanların müdafiəsi üzrə dünya təşkilatlarına müraciət ünvanladıq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri Təvəkkül İsgəndərov söyləyib.
Bildirib ki, birlik Ermənistanın Cənubi Qafqazın təbiətinə, bioloji müxtəlifliyinə, heyvanlar aləminə qarşı mina terrorunu qəti şəkildə pisləyir:
"Güman edirik ki, heyvanların müdafiəsi ilə məşğul olan, ekologiyaya, heyvanat aləminə qarşı bu cür əməllərə biganə qalmayan təşkilatlar bəyanatımıza cavab verəcək. Onlar Ermənistanın faunaya, təbiətə qarşı əməlini pisləyəcək, soyuqqanlı qalmayacaqlar. Çünki heyvanlar aləminə, təbiətə qarşı belə zərərli əməllər pislənməsə, laqeyd qalınsa, bu, həmin əməllərin daha geniş vüsət almasına səbəb olacaq".
"Qarabağ dünyanın 30 il ərzində minalarla çirklənmiş ən böyük ərazilərindən biridir. Bu mina təhlükəsi Qarabağ münaqişəsi bitdikdən sonra da davam edir. Düşməndə təbiətə, heyvanlara qarşı qeyri-humanist münasibət var. İş o yerə çatıb ki, itlərin boynuna mina bağlayaraq Azərbaycan hərbçilərinə doğru göndərib, sui-qəsd törətməyə çalışırlar.
Minalanmış ərazilərdə Azərbaycan faunasının ən prioritet növlərindən olan yırtıcı heyvanlarımızın minaya düşüb tələf olması barədə faktlar bəllidir. Bu yaxınlarda ayı və onun ölmüş balası hərbçilərimiz tərəfindən aşkarlanıb, ictimaiyyətə bununla bağlı məlumat verilib. Mina ilə çirklənmiş ərazidə heyvanların da minaya düşməsi gözləniləndir. Çünki heyvanlar qidalarını axtarmaq, gizlənmək üçün yeri eşirlər. Bu hallarda mina partlayışı mümkündür. Mina təkcə insanlar yox, orada yaşayan heyvanlar üçün də belə arzuolunmaz hallara gətirib çıxarır. Əgər heyvan növü minaya düşüb şikəst qalsa, ölümə məhkum olunmuş hesab olunur. Ermənistanın ərazilərimizi minalaması nəticəsində baş verən bu hadisələr təbiətə qarşı terrordur. Azərbaycan faunası Qafqazda biomüxtəlifliyinə görə daha zəngindir. Bu laqeydlik, düşmənin təbiətə qarşı bu münasibəti qınanılmalıdır. Bəyanatı yaymaqda məqsədimiz Ermənistanın vəhşi heyvanlara qarşı terror əməlinin pislənməsi, layiqli cəzasını almasıdır",- deyə birliyin sədri qeyd edib.
Xatırladaq ki, “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə dünya təşkilatlarına müraciət edib.