Teymur Musayev: Qidaların keyfiyyətli olması qida ilə əlaqəli xəstəliklərin yayılmasının qarşısını alır
Bakı, 14 sentyabr, AZƏRTAC
Qida təhlükəsizliyi əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır. Qidaların keyfiyyətli və təhlükəsiz olması qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısını almış olur, səhiyyə sistemini mümkün təhdidlərdən qoruyur.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Alimentarius Kodeksinin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, həssas əhali qrupları arasında qida təhlükəsizliyi barədə məlumatlılıq səviyyəsinin artırılması üçün maarifləndirmə və təşviqat tədbirlərinin keçirilməsi zəruri hesab olunur: “Bu baxımdan Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arasında fəal əməkdaşlıq aparılır. Xüsusilə də məktəblilər arasında düzgün qidalanmanın təşviqinə dair tədbirlər həyata keçirilir”.
Səhiyyə naziri Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində yaradılmış Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyətinə də toxundu. Onun maddi-texniki bazasına, kadr və elmi potensialına görə nəinki regionda, hətta beynəlxalq miqyasda qabaqcıl və etibarlı müəssisə kimi qəbul olunduğunu diqqətə çatdırdı. İnstitutun tabeliyində qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması üzrə ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyaların gənc kadrların hazırlanmasında mühüm rol oynadığını qeyd etdi.