“THE JAKARTA POST” QƏZETİNİN AZƏRBAYCANA HƏSR OLUNMUŞ ƏLAVƏSİ ÇAP EDİLMİŞDİR
Əlavədə Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyevin məqaləsi, respublikamızın təbiətinə, tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, turizm imkanlarına, xarici siyasətinə, o cümlədən regional təhlükəsizlik məsələsində Azərbaycanın roluna, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məlumatlar verilmişdir.
Azərbaycanın Cənub-Şərqi Asiya ölkələrində ilk səfirliyinin İndoneziyada açılmasını ölkəmizin rəhbərliyinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə göstərdiyi qiymət kimi səciyyələndirən İ.Hacıyev, bunun İndoneziyaya Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya regionunda daha fəal iştirak etməyə imkan yaradacağını bildirmişdir.
Azərbaycan ilə İndoneziyanın beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığına toxunan diplomat, ölkələrimizin terrorizmə və separatizmə qarşı qlobal mübarizənin fəal iştiakçılarından olduğunu bəyan etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir, hərbi təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirmiş, rəsmi Bakının münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə tərəfdar olduğunu diqqətə çatdırmışdır.
Şəkillərlə zəngin əlavədə Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən enerji və nəqliyyat layihələrindən, respublikamızın regional və beynəlxalq təhlükəsizliyə, eləcə də əməkdaşlığa verdiyi töhfələrdən, xarici sərmayədarlar üçün yaradılmış əlverişli şəraitdən söz açılmış, ölkəmizdə Avratlantika strukturlarına inteqrasiyaya önəm verildiyi qeyd olunmuşdur.
Qəzetdə YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinə də geniş yer verilmişdir.