“The Korea Times”: Xocalı soyqırımı qurbanları yad edilir
Seul, 24 fevral, AZƏRTAC
Koreya Respublikasının “The Korea Times” qəzetində nəşr olunan “Xocalı soyqırımı qurbanları yad edilir” başlıqlı məqalədə XX əsrin ən qanlı cinayətlərindən olan Xocalı qətliamı barədə danışılır.
Azərbaycanın bu ölkədəki səfiri Rəmzi Teymurovun müəllifi olduğu məqalədə Koreya ictimaiyyəti üçün az tanış olan Xocalı barədə məlumat verilərək, bu şəhərin Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində yerləşdiyi bildirilir.
Məqalədə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının yerli azərbaycanlı əhalisinə qarşı etnik soyqırımı törədildiyi, 613 mülki şəxsin qətlə yetirildiyi, onlardan 106-nın qadın, 63-nün isə uşaq olduğu diqqətə çatdırılıb, Xocalı soyqırımının Ermənistanın Azərbaycana təcavüzü dövründə mülki şəxslərə qarşı törədilən ən qəddar cinayət olduğu faktlarla göstərilib.
Səfir Ermənistanın hər nə qədər Xocalı soyqırımını onların törətməsini inkar etməsinə baxmayaraq, bu ölkənin hazırkı prezidenti S.Sarkisyanın jurnalist Tomas de Vaala verdiyi müsahibəsində Xocalı qətliamının məhz Ermənistan tərəfindən törədilməsini etiraf etdiyini bildirib.
Məqalədə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünya miqyasında “Xocalıya ədalət!” kampaniyasının həyata keçirildiyi, Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi qiymət verilməsi istiqamətində qətiyyətli addımların atıldığı, Azərbaycanın bu istiqamətdəki çağırışlarının bir sıra ölkələr tərəfindən müsbət cavablandırıldığı, hətta bu yaxınlarda İsrail Prezidenti Reuven Rivlinin BMT Baş Məclisində çıxışı zamanı Xocalı soyqırımına istinad etdiyi göstərilib.
Səfir sonda dünyada yaşayan bütün azərbaycanlıların hər il fevralın 26-da Xocalı soyqırımını, bu dəhşətli faciənin qurbanlarını yad etdiklərini vurğulayaraq, beynəlxalq ictimaiyyətin azərbaycanlılara qarşı törədilmiş bu insanlıq cinayətinə səssiz qalmayacağına inamını ifadə edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul