Tikinti materiallarının dövlət standartlarının tələblərinə cavab verməsi daim nəzarətdə saxlanılır
Naxçıvan, 14 mart, AZƏRTAC
Tikinti obyektləri konstruktiv həllər, texnogen və təbiət təsirləri baxımından hər zaman potensial təhlükə mənbəyi olduğundan, onların dayanıqlıq və etibarlılığının təmin edilməsi daim prioritet vəzifə kimi qarşıya qoyulub.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tikintidə istifadə olunan tikinti materiallarının dövlət standartlarının tələblərinə cavab verməsi və bu sahə üzrə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı keçirilən maarifləndirici tədbirdə bu məsələ xüsusi vurğulanıb.
Naxçıvanda fəaliyyət göstərən müvafiq tikinti materialları istehsalı müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımov muxtar respublikada digər sahələrlə yanaşı, tikinti sahəsinin də sürətlə inkişaf etdiyi bir dövrdə tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, təkmilləşdirilmiş qanunvericilik bazasından bəhs edib.
Qeyd edilib ki, binaların və qurğuların eləcə də digər obyektlərin tikintisi, yenidənqurulması, əsaslı təmiri, bərpası zamanı qanunvericiliyin tələblərinə, tikinti norma və qaydalarına, həmçinin qüvvədə olan standartlara əməl olunması ən vacib məsələlərdən biridir. Tikinti işləri aparılan zamanı sifarişçi, podratçı və layihəçi təşkilatların, yerli icra hakimiyyəti orqanlarının eləcə də Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin üzərinə böyük vəzifələr və məsuliyyət düşür. Yəni tikinti işləri zamanı mərhələ, ardıcıllıq və ən əsası texnoloji proseslər tikintinin subyektləri tərəfindən gözlənilməli və qaydalara əməl olunmalıdır.
Vurğulanıb ki, tikinti materiallarının keyfiyyətinə və təhlükəsizliyinə dair tələblər də qanunvericiliklə beynəlxalq təşkilatların ölkə ərazisində qüvvədə olan müvafiq standartları və həmçinin dövlət standartları ilə tənzimlənir. İdarənin mühəndis-geoloji, beton və sement laboratoriyası tərəfindən mütəmadi olaraq tikinti materialları standartların tələblərinə uyğun yoxlanılır, istehsal müəssisələrində maarifləndirici tədbirlər keçirilir, seminarlar təşkil olunur və bu sahə üzrə dövlət nəzarəti həyata keçirilir.
Tədbirdə tikinti materiallarının standartlara uyğunluğunun yoxlanılması qaydaları, eləcə də, qüvvədə olan standartların tələbləri ilə bağlı idarənin mühəndis-geoloji, beton və sement laboratoriyasının müdiri Aqil Quliyev və həmin laboratoriyanın baş məsləhətçisi Pərviz Məmmədovun çıxışları olub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.