TOFİQ QULİYEVİN 90 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2007-ci ilin noyabr ayinda görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan estrada və caz musiqisinin banilərindən biri Tofiq Ələkbər oğlu Quliyevin anadan olmasının 90 illiyi tamam olur.
Tofiq Quliyevin yaradıcılığı XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Onun mahnıları və kino musiqiləri, estrada pyesləri və operettaları musiqi xəzinəmizin qızıl fonduna daxil olmuşdur.
Milli musiqi mədəniyyətinin inkişafı və təbliği işinə mühüm töhfələr vermiş Tofiq Quliyevin 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, Tofiq Quliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2007-ci il.