TOFİQ TAĞIZADƏNİN KİNO SƏNƏTİ YAŞAYIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Onun sənət dünyası” adlanan gecəni Mədəniyyət Nazirliyinin kino işləri şöbəsinin müdiri Cəmil Fərəcov açmışdır.
Gecənin aparıcısı kinoşünas Aydın Kazımzadə yubilyarın həyat və yaradıcılığı haqqında çıxış etmişdir.
T.Tağızadənin çəkdiyi “Uzaq sahillərdə”, “Əsl dost” və digər filmlərdə baş rolların ifaçısı, xalq artisti Nodar Şaşıqoğlu, rəssam Kamil Nəcəfzadə, “Yeddi oğul istərəm“ fiminin baş rollarına çəkilmiş aktyorlar, həmçinin “Mən ki gözəl deyildim” filmində Səidə rolunun ifaçısı, xalq artisti Xuraman Qasımova, aktyor Ramiz Əzizbəyli, operator Ələkbər Muradov, kinorejissor Oqtay Mirqasımov görkəmli rejissorla bağlı xatirələrindən söz açmışlar.
Kinorejissorun qızı İranə Tağızadə gecənin təşkilinə, atasının xatirəsinə göstərilən ehtirama görə Respublika Mədəniyyət Nazirliyinə, sənət xadimlərinə dərin təşəkkür və minnətdarlığını bildirmişdir.
T.Tağızadənin rejissorluğu ilə çəkilmiş ölməz ekran əsərləri-“Arşın mal alan”, “Görüş”, “Dədə Qorqud”, “O dünyadan salam” və digər filmlərdən kadrlar nümayiş etdirilmişdir.