“Tokio-2020” Oyunlarına könüllülərin dəvətinə yaxın zamanlarda başlanacaq
Tokio,14 sentyabr, AZƏRTAC
Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları və paytaxtın hakimiyyət orqanları bəyan ediblər ki, cari ayda onlar oyunlar üçün könüllülərin dəvətinə başlayacaqlar.
AZƏRTAC NHK telekanalına istinadla bildirir ki, oyunların təşkilat komitəsi və şəhərin hakimiyyət orqanları könüllülərin ərizələrinin qəbuluna sentyabrın 26-da saat 13:00-dan başlanacağını elan ediblər.
Oyunların təşkilinə kömək üçün iki qrup könüllülərin dəvəti nəzərdə tutulur. Onlardan birinci qrupun üzvləri birbaşa tədbirlərin keçiriləcəyi yerlərdə və atletlər kəndində çalışacaqlar. Təşkilatçılar bu qrupda təqribən 80 min könüllünün olacağını bildiriblər. Bu qrupun üzvü olmaq istəyənlərin ərizələri Təşkilat Komitəsinin veb-saytında qəbul edilir
İkinci qrupun üzvü olacaq könüllülər isə aeroportlarda, dəmir yolu stansiyalarında və digər yerlərdə turistlərə müvafiq informasiyaları çatdırcaqlar.
Bu qrupun üzvü olmaq istəyənlərin ərizələri Tokio meriyasının veb-saytı, faks və poçt vasitəsilə dekabrın 5-dək qəbul ediləcək. Bu qrup üçün təqribən 30 min nəfərin lazım olduğu bildirilir, lakin qeyd edilir ki, artıq 10 min nəfər həmin qrupa cəlb edilib.
Təşkilatçılar bəyan ediblər ki, yaşından, cinsindən, milliyyətindən, hətta əlil olmasından asılı olmayaraq istənilən şəxs qruplara üzv ola bilər.
Könüllü qrupların üzvü olmaq məqsədilə sənədlərin yoxlanmasında və müsahibələrdə iştirak etmək istəyənlər üçün kursların gələn ilin oktyabrında başlanacağı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio