Tokio administrasiyası mərkəzi hökumətdən koronavirusa qarşı tədbirlərin gücləndirilməsini xahiş edəcək
Tokio, 8 aprel, AZƏRTAC
Tokio administrasiyası mərkəzi hökumətdən paytaxtda yoluxmaların sayının kəskin artması ilə əlaqədar koronavirusa qarşı tədbirlərin gücləndirilməsini xahiş edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 8-də koronavirusla əlaqədar Tokio qərargahının iclasında çıxış edən qubernator Koike Yuriko bəyan edib.
Qərargahın iclası zamanı bildirilib ki, regionda koronavirusun yeni ştamlarının yayılması yeni yoluxmaların sayının artmasına səbəb ola bilər. Bununla əlaqədar Tokioda gücləndirilmiş tədbirlərin tətbiqi barədə sorğunun rəsmi olaraq aprelin 9-da tərtib ediləcəyi gözlənilir.
Qeyd edək ki, cari həftənin əvvəllərində analoji tədbirlər Osaka, Miyaqi və Hyoqo prefekturalarında qəbul edilib. Həmin tədbirlər çərçivəsində yerli hakimiyyət orqanları ictimai iaşə obyektlərinin saat 20:00-dək işləməsini, ziyarətçilərdən maska geymələrini tələb etməsini xahiş edəcəklər. Həmin tələblər həyata keçirilmədiyi təqdirdə prefekturaların hakimiyyət orqanları restoranları 200 min yen (təqribən 1800 dollar) məbləğində cərimə etmək səlahiyyətinə malikdirlər. Bundan əlavə, həmin regionlarda koronavirus testlərinin sayının, eyni zamanda, karantin müəssisələrinin və buradakı çarpayıların sayının artırılması nəzərdə tutulur.
Bildirək ki, Osaka prefekturası artıq aprelin 7-də lokal fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərar qəbul edib. Həmin ərəfədə Yaponiyada son iki ayda koronavirusa yoluxma ilə əlaqədar yeni halların sayının kəskin artdığı qeyd edilir - azı 3400 nəfər. Ən ağır vəziyyətin isə Osakada qeydə alındığı bildirilir.
Xatırladaq ki, Yaponiya hökuməti bir sıra regionlarda yanvarın 7-də fövqəladə vəziyyət rejimi tətbiq edib. Bu vəziyyət ən çox Tokioda və qonşuluqda yerləşən Kanaqava, Saytama və Çiba prefekturalarında davam edib və martın 22-də ləğv olunub.
Əlavə olaraq qeyd edək ki, Yaponiyada ümumilikdə bu günədək 494 min koronavirusa yoluxma halı qeydə alınıb, 9300 nəfər həyatını itirib. 455 min nəfərin sağaldığı, 456 xəstənin isə ağır vəziyyətdə olduğu bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio