Torpağın aqrokimyəvi analizi bol məhsul əldə etməyə imkan yaradır VİDEO
Sabirabad, 6 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Sabirabad Regional Mərkəzində fermerlərin torpaq analizlərini rahat və operativ şəkildə aparmaları üçün lazımi şərait yaradılıb. Əsas məqsəd əkinə başlamazdan əvvəl torpağın tərkibində olan qida elementlərinin miqdarını müəyyənləşdirmək və bununla da gələcəkdə bol və keyfiyyətli məhsul əldə olunmasına nail olmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad Regional Mərkəzində torpaq analizləri fermerlərin və mütəxəssislərin sahələrdən nümunələr götürülməsi yolu ilə aparılır. Torpaq nümunələrinin məhsul yığımı başa çatdıqdan sonra, lakin şum işlərinə başlanmazdan əvvəl götürülməsi vacib şərtdir.
Aqrotexnik Vüqar Mənsimov bildirib ki, torpaq nümunələri sahənin relyefinə uyğun şəkildə götürülür: “Əgər sahə düz ərazi olarsa, həmin sahədən bir nümunə götürülür. Relyefi fərqli olan, gübrələnmiş və ya bitki qalıqları yığılan sahələrdə isə nümunələrin sayı artırılır. Birillik bitkilər üçün torpaq nümunələri əsasən 30 santimetr dərinlikdən, bağ bitkilərində isə 30–60, 60-90 santimetr dərinliklərdən götürülərək analizə təqdim olunur”.
Mütəxəssis Bəxtiyar Sabirli isə bildirib ki, aqrokimyəvi analiz aparılması üçün götürülən nümunələr laboratoriyaya gətirilir və burada tam qurudulub ələndikdən sonra analiz mərhələsinə başlanılır. “Laboratoriyada torpaq analizlərinin aparılması üçün müasir avadanlıqlardan istifadə olunur. Burada pH, EC, azot, fosfor, kalium, maqnezium və natrium üzrə analizlər həyata keçirilir. Analizlər əvvəlcə pH və EC göstəricilərinin təyini ilə başlayır, sonra makroelementlər üzrə yekunlaşdırılır. Nəticədə torpaqda hansı elementlərin normadan artıq və ya az olduğu müəyyən edilir. Bu da gübrə normasının düzgün təyin olunmasına kömək edir. Torpağın aqrokimyəvi analizinin müddəti götürülən nümunələrin nəmliyindən asılı olaraq dəyişir və bəzi hallarda bu proses iki həftədən artıq vaxt apara bilər. Analizlər nəticəsində düzgün gübrələmə aparılmaqla bitkilərin məhsuldarlığını 20 sentnerədək artırmaq mümkündür", - deyə o əlavə edib.
Qeyd edək ki, bu analizlər nəticəsində istehsalçılar lazımsız gübrə xərclərindən azad olur və torpağın münbitliyini uzun müddət qoruyub saxlaya bilirlər. Sabirabad Regional Mərkəzi tərəfindən həyata keçirilən bu tədbirlər regionda kənd təsərrüfatının elmi əsaslarla inkişafına mühüm töhfə verir.