Tovuzda dairə seçki komissiyalarının üzvləri və məntəqə sədrləri üçün ixtisaslaşdırılmış kurslar davam edir
Tovuz, 25 avqust, Famil Quliyev, AZƏRTAC
Avqustun 25-də də 106 saylı Tovuz-Qazax-Ağstafa Dairə Seçki Komissiyasının inzibati binasının iclas zalında dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə keçirilən üç günlük kurslar davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə təşkil olunan kurslara 106 saylı Tovuz-Qazax-Ağstafa Dairə Seçki Komissiyasının 9 üzvü və 20 məntəqə seçki komissiyasının sədrləri cəlb olunub.
Kursların ikinci günü iştirakçılara “Milli Məclis seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili”, “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri” və “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzuları tədris olunub. Mövzular müvafiq olaraq DSK-nın sədri Xəqani Vəliyev, Tovuz Rayon Məhkəməsinin sədri Könül Məmmədov və MSK-nın nümayəndəsi İradə Həsənova tərəfindən tədris edilib.
İştirakçılara seçki ilə bağlı təlimatlar da paylanıb.
Qeyd edək ki, avqustun 25-də 105 saylı Tovuz,107 saylı Qazax və 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyalarında da müvafiq kurslar davam etdirilib.